“Yazdığım şeirlər, qəlb və mənəviyyatımın qanunu hesab olunur”

0
120

Son zamanlar gənclərin ədəbiyyata maraq göstərməsi sevindirici haldır. Azərbaycanda gənc yazarların sayı kifayət qədərdir. Bu gün sizi Bədii Yaradıcılıq və Qiraət Klubunun üzvü Elşən Təhməzovla tanış edəcəyik.

Elşən  Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filalının tələbəsidir. O, lirik əsərlər yazır. Şeirləri oxucuları tərəfindən maraqla oxunur. Gənc şairin əsərləri 2019-cu ildən dövri mətbuatda işıqlandırılır. “Siyah telinçün darıxmışam” adlı şeiri ilə minlərlə oxucunun rəğbətini qazanıb.  Elşən Təhməzov  “Ay işığı” və “Gülüstan” ədəbi məclisləri, Ş\M ədəbi-bədii dərnəyi və Bədii Yaradıcılıq və Qiraət Klubunun üzvüdür.  Quba şəhərinin sevilən gənc şairlərindən biridir.

Elşən ilk dəfə şeir yazmağa 8-9 yaşlarından başlayıb. Bu illəri xatırlayaraq ilk şeir yazmasını belə izah edir:

“Necə ki, hər hansısa çəmənlikdə bir gül çiçək açır və ya dağ ətəyində bir bulaq qaynayır, səhərlər günəş doğur və.s Mənim də şeir yazmağım buna bənzəyir. Yəni bu məndə bir növ təbiətin əsrarəngiz gözəlliyinin, möhtəşəmliyinin nümunəvi baxımdan göstəricisidir. Bu hadisələrin bir qayda olaraq baş verməsi və tərifinin olmaması mənim də qəlbimdən gələn sözlərin və şeirlərin iki məfhum arasında bərabərliyini izah edir. Hər axşam ayın səmadan boylanması, yer üzünü işıqlandırması necə kainatın və təbiətin qanunudursa, mənim də hər gün yazdığım şeirlər, qəlb və mənəviyyatımın qanunu hesab olunur” .

Şair qeyd etdi ki, şeirlərinin əsas mövzusu sevgidir.

“Müəllifi olduğum əsərlərin böyük əksəriyyəti sevgi, nakam məhəbbət və kədər-qəm mövzusundadır. Bu məzmunda yazmağımın səbəbi kamsız bir eşqin nümayəndəsi olmağım, həmçinin istər bu dövrdə, istərsə də, keçmiş zamanda həyatda olan ədalətsizliyin öz dünyamın səmalarında qara buludlartək mövcud olması və mənə dərd paylamasıdır” .

Elşən Təhməzov Bədii Yaradıcılıq və Qiraət Klubunun gənclər üçün əhəmiyyətini xüsusilə vurğuladı.

“Bədii Yaradıcılıq və Qiraət Klubu vacib ədəbi klublarımızdan biridir. Həm öz yaradıcılığım, həm də ədəbi birlik üçün böyük uğurlar əldə edəcəyimizə əminəm. Təşkilat daxilində keçirilən iclas, tədbir və bu xarakterli məfhumların yaradıcılığımda gözəl və əhəmiyyətli yeri var.Birlikdə həm hal-hazırkı, həm də irəliləyən zamanlarda gözəl nailiyyətlər qazanacağımıza inanıram” .

Şair Elşən Təhməzovun yeni şeirlərini təqdim edirik:

“Yaşamaq nə çətinmiş”
Dünyam qaraldı o gün,
Birdən-birə tükəndim.
Uzaqlığın həsrəti yaxınlıqla dolmadı.
Yaşamaq nə çətinmiş.
Ayrılığı həzm edib,
Yoxluğunda min dəfə
ölüb, sonra dirilib,
Sənə olan eşqimi, ürəyimdə gizləyib daşımaq nə çətinmiş.
Hər baxışın yadımda qapalı qaldı qapın.
Sənə həsrət olduğum sənsizlik ağrısını,
Hər dəfə vurulduğum qəlbimin yarasını,
qaşımaq nə çətinmiş.
Kədərim qanadlanan,
Dərdlərim tumarlanan,
Sən yadla gülən zaman,
Kənardan sənə baxıb,
Tamaşa nə çətinmiş.

“Atmadı məni”
Yenə ötənləri saldım yadıma,
Bir damla göz yaşım atmadı məni.
Kədərlə, sevinclə qaldım baş-başa,
Kədərim sevincə satmadı məni.
Sənli xatirələr, sevimli anlar
Səninlə yaşanan gözəl zamanlar,
Mənə sevinc verib kədər alanlar,
Bir daha kədərə qatmadı məni.
Sən axı bu eşqi əziz sayırdın,
Günəşdən od alıb şəfəq yayırdın,
Məni məndən alıb məndən ayırdın,
O gündən bu sevgi dadmadı məni.

Ramin Alıyev, 
Bədii Yaradıcılıq və Qiraət Klubunun idarə heyətinin üzvü. 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin