Gənc şairənin yeni şeirlərini təqdim edirik

1
155

Medonline.az  gənc şairə, ADPU-nun Filologiya fakültəsinin tələbəsi, Bədii Yaradıcılıq və Qiraət Klubunun üzvü Aytac  Məmmədovanın yeni şeirlərini oxucularına təqdim edir:

Beş mərtəbəli ev

Bu evdə beş mərtəbə,bu evdə beş ümid var
Tavandan su əvəzi hər gün göz yaşı damır.
Gedişiylə yıxanlar şəkillərdən dik baxır,
Göy üzü də burada qorxuyla guruldamır.

Bir qədəhin dibində tapıram varlığını,
Əlimi uzadanda buxarlanır xatirən.
Ümiddən öpmək olmur,ovuclarını gətir,
Bəlkə onda dualar səni mənə yetirə.

Gözünün işığını qaranlığa boyadın,
Bu həyətdə iplərdən tər ümidlər asılır.
Gecə ölürəm deyib,səhəri ölmədinsə,
İntihar dəftərində sənə qayıb yazılır.

İncə-incə günahlar incidəndə qəlbini,
Küsdürəcək Tanrıdan ən gözəl duaları.
Qulağının dibində yoxluğum qışqıranda,
Pöhrələnər qəlbinin ən gizli yaraları.

Şəkilləri ikiyə bölmək də asan deyil,
Yuxuların içindən gülüşlərini çıxart.
Unutmağı bacarmaq elə ölümə taydır,
Ürəyinin küncündən hər gün bir ölüm çıxar.

On payız uzaqlıq

İki şəhər yaxınlıq,
On payız uzaqlığa qalib gələ bilmədi.
Sənin sevdiyin qadın,
Səni itirdiyi gün bircə ölə bilmədi.

Bütün səma ağladı,
Elə həmin o gündən arzularda ağrı var.
Səni ölüm qorxusu,
Məni də unudulmaq təhlükəsi ağrıdar.

Saçındaki ağ qədər,
Ömrümdən gün azalır hər səni görməyəndə.
Bütün fəsillər eyni,
Yaz da qış kimi olur səninlə girməyəndə.

Yenə itib yaddaşım,
Ağlımın bir yerindən şəklin asılı qaldı.
Anam da qarğış etdi,
Səni sevdiyim günə lənət yazılı qaldı.

Məni yaraşdırmadın,
Yarpaq-yarpaq qocalan o şərəfli adına.
Bilirsən nə deyirlər,
Elə ölüm yaraşır unudulan qadına.

Yenə sonuncu məktub,
Bu gün də yoxluğunla üç qədəh dərd içmişəm.
Bütün otuzlar haqqı,
Mən hər gecə özümə yaşınca dərs keçmişəm.

Kozetta

Bilirsənmi,Kozetta tənhalığı sevənlər,
yoldaş olmur kiməsə.
Ya daşa sirdaş olur,ya da ki bir ömürlük,
sirdaş olmur kiməsə.

Mən sənin ürəyinlə tanış olandan bəri,
göy üzü mavi deyil.
Çəhrayı xəyallarım sığışmır planetə,
“Sıxılıram mən” deyir.

Bu şəhərdə küçələr darıxmağı bacarır,
elə adamlar kimi.
Bu şəhərdə atalar qızlarını buraxmır,
bizim atalar kimi.

Uzaqlar da buradan elə uzaq görünmür,
bir qucaqlıq uzaqsan.
Ovuclarım hiss edir əllərinin istisin,
bir ocaqlıq uzaqsan.

Kozetta,unudulmaq adama təsir etmir,
bu şəhərdə elə də.
Ürəyinlə düşünsən,yanıldaram mən səni,
sevilirsən,hələ də.

Biz axı uşaqlığın xətrinə dəyməmişik,
qıymamışıq,Kozetta.
Biz ata qayğısından,biz ana sevgisindən,
doymamışıq,Kozetta.

Aytac Məmmədova

PAYLAŞ

1 comment

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin