“Yaxşılıq bütün dünyanı xilas edəcək”

0
421

Son zamanlar gənclərin ədəbiyyata maraq göstərməsi sevindirici haldır. Azərbaycanda gənc yazarların sayı kifayət qədərdir. Bu gün sizi Bədii Yaradıcılıq və Qiraət Klubunun idarə heyətinin üzvü Nəzrin Tahirli ilə tanış edəcəyik.

Nəzrin xanım Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix və Coğrafiya fakültəsində təhsil alır. Epik əsərlər yazan Nəzrin xanımın yaradıcılığında hekayələr xüsusi yer tutur. O, ədəbiyyata olan sevgisini belə izah edir:

“Uşaqlıqdan bədii kitablara maraq göstərirdim. Həm xarici ədəbiyyat, həm də Azərbaycan ədəbiyyatından görkəmli şəxslərin nəsr əsərlərini oxumağa başladım. Məktəb illərində hekayələrimi yazırdım. Mütaliəyə olan həvəs məndə yazıçılığa dərin məhəbbət yaratdı. Müəllimlərimin, ailəmin, dostlarımın müsbət rəyləri məni həvəsləndirirdi.”

Gən yazıçı ədəbiyyat sahəsində irəliləməsini tələbəlik illəri ilə bağlayır.

“Universitetə daxil olduqdan sonra qələmimə möhkəmcə bağlanmağa başladım. Təhsil aldığım müəssisədə gənc yazarlar üçün yaradılmış şərait məni həvəsləndirdi. ADPU -nun Bədii Yaradıcılıq və Qiraət klubunun üzvü oldum. Özümü səciyyələndirməyimə, fikirlərimi, yazdıqlarımı daha geniş əhatə ilə bölüşməyimə şans və imkanlar yarandı.”

““Bu şəhərdə kimsə yoxdur” əsəri ideya qaynağımdır”

 “İlk hekayəmi 2-ci sinifdə qələmə aldım. 2018-ci ildən silsiləli şəkildə nəsr əsərləri yaratmağa başladım.  Yazıçılıqda mənim ideya qaynağım psixoloq Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur ” əsəridir.

Gənc istedad əsər yazmağın sirlərini bizlə bölüşdü.

“Nəsr əsərlərini qələmə almağın xüsusi sirləri var. Görkəmli ədəbilərin C.Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mir Cəlal və s. yaradıcılıqlarına nəzər salmaq vacibdir.    Xarakter anlayışını qavramaq , ətrafımızda olan bütün hadisələrə gözü açıq olmaq , insanlara biganə yanaşmamaq , onlar ilə empatiya qurmağı bacarmaq lazımdır.”

 “Hekayələrimin əsas ideyası yaxşılığın dünyanı xilas etmə çağrışıdır” .

“Bədii Yaradıcılıq və Qiraət klubu ilə I kursun əvvəlindən tanış oldum. Klub mənə öz çatışmazlıqlarımı daha aydın görmək , fərqli mövzular barəsində yeni hekayələr yazmaq yolunda işıq tutdu. Çünki həmkarların əhatəsində olmaq ən böyük şans idi. Ən müsbət cəhət isə mənim həmin klub daxilində özümü yazıçı kimi hiss etməyim idi ki, burda mənə motivasiya verirdi. Məqsədim hekayələr silsiləsi qələmə almaqdır və bunu bir kitab kimi dərc etmək istəyirəm. Burada həzin və emosional duyğuları obrazların müşayiəti ilə insanlara çatdırmaq istəyirəm. Hekayələr silsiləsi üçün başlıca çağırışım odur ki, dünyamız daha gözəl olsun və yaxşılıq bütün dünyanı xilas etsin .Mən istəyirəm ki, bu hekayələrimi oxuyan hər bir uşaq , gənc , yetkin insan özünün insanlığını, keçmişini, gələcəyini dəyərləndirsin istər yaxşı istiqamətdə, istərsə də pis , lakin hər kəs ziyalı olmağa addım atsın .”

Gənc yazıçının yaradıcılıq mövzuları müxtəlifdir.

“Kiçik yaşlarımda daha çox əfsanəvi janrlarda yazsam da , hazırda dramatik, ailə-məişət , ictimai-siyasi, qlobal məsələlər , maarifpərvər çağırışlar , motivasiya və psixoloji mövzularda yazıram. Roman yaradıcılığıma isə yeni başlamışam və bunun üstündə işləyirəm” .

“İnam və ümid başlıca şüar olmalıdır” .

“Klub üzvlərinə demək  istərdim ki , yazmaq üçün ilham mənbəyinin gəlməsini gözləməsinlər , sadəcə yazsınlar. Yazıçılıq yolunda çətinliklər yaşasalar da , heç bir zaman təslim olmasınlar . İnam və ümid onların başlıca şüarları olmalıdır. Oxumaqdan , öyrənməkdən və öyrəndiklərini tətbiq etməkdən boyun qaçırmasınlar. Sadəcə inkişaf üçün çalışsınlar . Çünki bizim kimi qələm sahibi olan insanlar cəmiyyətin düşünən beyni, mənəvi aləmiyik.  Hər bir klub üzvümüz uğurlarla aydın yollarda irəliləsin. Müsahibəyə görə dərin minnətdarlığımı bildirirəm !”

-Sağ olun!

Ramin  Alıyev

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin