“Seyidağa Mövsümlü də halal haqqını almadan dünyasını dəyişdi….”

0
119

 Azərbaycan tarixən yadellilərin hücumlarına məruz qalıb. Bu zaman qeyrətli, vətənpərvər övladlar ölkənin müdafiəsi üçün silaha sarılıblar. 1988-1992-ci illərdə də belə oldu. Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) nin Əsgəran və Xankəndi şəhərlərində dinc əhalini erməni daşnaklarının təhriki ilə zorla küçələrə çıxardılar, Dağlıq Qarabağın Azərbaycandan ayrılmaqla Ermənistana birləşdirilməsi üçün fasiləsiz mitinq və küçə yürüşlərinə başladılar. O zaman keçmiş SSRİ-nin rəhbərliyi, şəxsən Baş Katib Mixail Qorbaçov və onun xanımı (gorbagor-ifadəyə görə oxuculardan üzr istəyirəm-Ş.S.) Raisa Maksimovna birbaşa erməniləri müdafiə etdilər.Hətta dünya mediasında Raisanın DQMV-nin Ermənistana birləşdirilməsi müqabilində müəyyən qədər “şirinlik” aldığı barədə məlumat verildi. Moskva Dağlıq Qarabağda xüsusi vəziyyət elan etdi, Arkadi Volski kimi qatı cinayətkarı Xankəndinə göndərdi. Bu, o zaman idi ki, Qərbi Azərbaycanda-indiki Ermənistanda yaşayan soydaşlarımız son nəfərinə kimi doğma ev-eşiyindən zorla çıxarılmışdı. “Allah-Taala gec edər, güc edər”- deyiblər. Azərbaycanlıların başına gətirilən özbaşınalıqdan az sonra-1988-ci il dekabr ayının 6-7-sində Ermənistanın bir çox bölgəsində dağıdıcı zəlzələ baş verdi. Ən azı 30.000(otuz min) insan həlak oldu(Qeyri-rəsmi xəbərlərə görə bir o qədər Azərbaycan vətəndaşı Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olub).

 Könüllü olaraq silaha sarılanların arasında Azərbaycan Dövlət Tele-Radio Komitəsinin tele-operatoru Seyidağa Fəyyaz oğlu Mövsümov da vardı. O, Azərbaycan Ordusunun ilk Taborunun zabiti, Bölük komandiri kimi fəaliyyətə başladı.Seyidağanın rəhbərliyi altında Bölük 1991-ci il oktyabrın 9-da Bakıdakı I Şəhidlər xiyabanında and içdi.   Daha sonra DQMV-nin mərkəzində, Xankəndi şəhərinə yaxın Kərkicahan qəsəbəsinin müdafiəsində dayandılar. Seyidağa müəllim 1991-ci il oktyabr ayının 9-da yaralandı.Onu Bakıda yerləşən Azərbaycan Dövlət Travmatologiya və Ortopediya İnstitutuna gətirdilər. Müalicə zamanı Respublika Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri, polkovnik Ramiz Məlikov(Şair-publisist-həkim Ramiz Duyğun) mənim vasitəmlə S.Mövsümlü ilə görüşdü. Ramiz müəllim Seyidağanı inandırmağa çalışdı ki, yeni yaranan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin işini qurmaq lazımdır. Biz, çox çətinliklə Seyidağa müəllimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətində işləməyə razı sala bildik.S.Mövsümov(sonralar S.Mövsümlü kimi tanındı) Müdafiə Nazirliyinin Sənədli Filmlər Kino-Telestudiyasını formalaşdırdı. Studiyanın maddi-texniki bazasının qurulması üçün bütün imkanlarını səfərbər etdi. 1992-ci ilin fevral ayının 19-da hərbçi tele-operator kimi işə qəbul edilən S.Mövsümlünün qismətinə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının şahidi olmaq və bəzi kadrları lentə almaq da varmış.

Mən, məlum soyqırımın canlı şahidlərindən biri olaraq tam əminliklə deyirəm ki, 1991-ci il dekabrın 19-da Xocalı rayonunun Kərkicahan qəsəbəsinin müdafiəsi zamanı ayaq nahiyyəsindən yaralanan S.Mövsümlü, 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı zamanı şəkər xəstəliyinə düçar oldu. Bəli, bəli, məhz soyqırım zamanı o dəhşətli kadrları videolentin yaddaşına köçürərkən Seyidağa Mövsümlü şəkər xəstəliyinə tutuldu.

 Seyidağa müəllimin gözəl yol yoldaşlığı vardı. O, son tikəsini də mənimlə bölməyə razı idi. İki övladı-Elnur və Ellladanın təlim-tərbiyəsi ilə əsasən ömür-gün yoldaşı Nazilə xanım məşğul olurdu. Seyidağanın günləri ezamiyyələrdə keçirdi. 1992-ci il dekabr ayının 10-da Ermənistan Silahlı Qüvvələri öz havadarlarının köməyi ilə Qubadlı-Zəngilan istiqamətində irimiqyaslı hücuma keçdilər.Biz, bu xəbəri eşidən kimi dərhal hadisə yerinə yollandıq. Zəngilanın Qazançı kəndinə getməliydik. Bizə dedilər ki, olmaz, yol çox təhlükəlidir. Seyidağa müəllim Tabor komandirini çox çətinliklə razı saldı, bir şərtlə ki, piyada və arada 25-30 m.məsafə saxlamaqla getməliydik. Təəssüf ki, Seyid(biz onu belə çağırırdıq-Ş.S.) yenə də qaydanı pozdu:”Cəddim Peyğəmbər kömək olar,inşAllah. Maşınla gedəcəyik!”Seyidağa ona görə belə dedi ki, 1 il öncə yaralanmış ayağı daim əziyyət verirdi, üstəlik Xocalı soyqırımı zamanı “tapdığı” şəkər xəstəliyi də ondan əl çəkmirdi. Biz, Qazançı kəndinin müdafiəçiləri ilə görüşdük.Bölük komandiri İlham adlı şəxs dedi: “Belə olmaz axı, sizə tapşırdılar ki piyada gəlin.Bu, nə hərəkətdir?” S.Mövsümlü xoş sözlərlə Komandirin hirsini soyutdu. Həqiqətən də biz bura gəlməmişdən 2 saat əvvəl həmin yolda daşnak terrorçuları səhv etmirəmsə azərbaycanlı 2 rabitəçini(oğlan və qız) qətlə yetirmişdilər. Tam səmimi söyləyirəm ki, cəbhə bölgələrində ən qaynar nöqtələr  də qorxmamağımızın səbəblərindən birinin Allahın bizə bəxş etdiyi dualar, ikincisi Seyidağa müəllim kimi insanlar idilər.

Seyidağa 2002-ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində işlədi, polkovnik-leytenant rütbəsində ehtiyata buraxıldı. O, yenidən əvvəlki iş yerinə-AZTV-yə qayıtdı. Tele-operator və jurnalist işləmək istəyən neçə-neçə gəncə bu sənətin sirlərini öyrətdi.Təssüflər olsun ki, Seyidağa Mövsümlü də halal haqqını almadan 2018-ci il iyun ayının 25-də dünyasını dəyişdi. Onu mərhumə anası Tovuz müəllimənin uyuduğu Buzovna kənd qəbristanlığında dəfn etdilər. Sevindiricidir ki, yeganə oğlu Elnur Mövsümov Türkiyə Cümhuriyyətində ali hərbi təhsil alıb.Hazırda Respublika Müdafiə Nazirliyi sistemində xidmət edir.

1 avqust Azərbaycanın ilk hərbi tele-operatoru Seyidağa Mövsümlünün doğum günüdür. Ruhu şad olsun.Amin.

 Xocalıdan məcburi köçkün, şair İmarət Cəmilli operator S.Mövsümlüyə həsr etdiyi şeiri belə adlandırıb: “Dağ başında bir qartaldı Seyidağa Mövsümlü!

 

    Şamil Sabiroğlu,

Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “medonline.az” saytının və “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi”medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”yubiley medalının mükafatçısı, müharibə veteranı.

Bakı, 01.08.2020.            

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin