Azərbaycan şəhidləri Rusiyanın Rostov vilayətində də yad edildilər!

0
387

Leyla Şəmşi qızı Əhmədova Rusiya Federasiyasının Rostov vilayətində yaşayır. Rusiya Federasiyası Azərbaycan Milli-Mədəni Muxtariyyəti Rostov vilayətinin Aksay rayon Təşkilatının sədri, Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvüdür. Leyla Əhmədova Azərbaycanın diaspor fəallarındandır. L.Əhmədova iyulun 12-14-də və sonrakı günlərdə Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndinə hücumu ilə əlaqədar Aksay rayon mərkəzində Azərbaycanın diaspor fəalları ilə birlikdə anma mərasimi keçirdi. Leyla xanım, şəhid olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verdi. Bildirdi ki, işğal edilən torpaqların düşmən tapdağından azad edilməsi üçün Azərbaycanın Dövlət Başçısı tərəfindən atılan addımları dəstəkləyir. Rusiyada yaşayan diaspor fəallarından Seymur Xanızadə, “Birlik” Təşkilatının sədri Rövşən Bədəlov, Məzahir Yusifov, Kamran Qəhrəmanov, vəkil Edvard Baqdanov, Elcan İsgəndərov və başqaları Azərbaycan xalqına dərin hüznlə başsağlığı verdilər. Rusiya Federasiyası Moskva şəhəri Qərb İnzibati dairəsi Oçakovo-Matveyevsk rayonunda Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Əli Əli oğlu Kazımov da şəhidlərin ruhları qarşısında baş əydi. Əli müəllim qeyd etdi ki, qardaşı Əliheydər Kazımov 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub. Hazırda Qaradağ rayonundakı 228 nömrəli tam orta məktəb onun adını daşıyır.
Leyla xanım Azərbaycan Respublikası ilə canlı bağlantı qurdu. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “medonline.az” saytının və “Ana harayı” qəzetinin baş redaktoru Şamil Sabiroğlu, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi sədrinin müavini, müharibə veteranı Çingiz Bayramov, Füzuli rayonundan məcburi köçkün, “Ana harayı” qəzetinin xüsusi müxbiri Türkanə Səfərova Tovuz, Qazax və Ağstafa bölgələrində gedən atışmalarla bağlı öz fikirlərini bildirdilər.
Şamil Sabiroğlu Rusiyanın Rostov vilayətində şəhidlərin anma mərasimini təşkil edən şəxslərə rəhbərlik etdiyi Təşkilatın fəalları adından öz minnətdarlığını bildirdi.
Yığıncaqdan sonra Azərbaycanın ərazi bütövlüyünü qoruyarkən şəhid olanların xatirəsinə ehsan süfrəsi açıldı.

Ayna Allahyarqızı
Amid Xurşudzadə
Şamilə Şamilqızı.

Fotolar: Arzuman Ağayev, Fərahim Xəlilov və Rafiq Hüseynzadəyə məxsusdur.
Bakı, 17.07.2020.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin