“Böyüklərimizi qoruyaq”

0
328

Çinin Yuah şəhərində meydana gələn və tezliklə dünayaya yayılan koronavirus pandemiyası ölkəmizdən də yan keçməmişdir. Əhalinin sağlamlığını qorumaq üçün Respublika Nazirlər Kabineti yanında Operativ Qərargah tədbirlər planını mütəmadi şəkildə həyata keçirir. Aztəminatlı ailələr, işsiz şəxslər və ahıl insanlar nəzərə alınır. Gənclər də öz növbəsində sosial təşəbbüslərlə yadda qalmışdır.  “Xəzər Gənclər Evi”nin direktoru İnarə Eyubovanın sözlərinə görə onlar da bir qrup könüllü gənclə sosial aksiyaları həyata keçirirlər.

İnarə xanımın dediklərindən:

“Bir çox mənəvi keyfiyyətlər var ki, insan öz xisləti ilə onların pis və ya yaxşı olduğuna qərar verə bilir. Belə mənəvi keyfiyyətlərdən biri, bəlkə də birincisi hər bir insanın öz böyüklərinə etdiyi hörmət, onlara verdiyi dəyər, qiymət və ümumiyyətlə, böyüklərinə olan münasibətidir. Bu, çox həssas və olduqca diqqət tələb edən bir mövzudur.

Danılmaz bir həqiqət var ki, insan yaşa dolduqca daha kövrək olur, körpə uşaq kimi sanki hər şeydən küsür, inciyir, daha çox diqqət, daha çox qayğı umur. Yaxınlarının, doğmalarının himayəsinə daha çox ehtiyacı olur.

Xalqımızın özünəməxsus bir çox adət-ənənəsi var və illərdir o adət-ənənəsini qoruyub saxlayır. Hər bir Azərbaycan vətəndaşının önəm verdiyi və olduqca həssas yanaşdığı, tarix boyu qoruyub saxladığı bir adəti var: böyüklərə hörmət, ehtiram və qayğı.

Buna aid çox sayda nümunə var. Lakin bunların ən bariz nümunəsi olaraq hazırda bütün dünyanı cənginə alan pandemiya dövründə ölkəmizdə yaşlı nəsil üçün atılan müsbət addımları göstərmək olar. Pandemiya təhlükəsindən xəbərdar olan kimi, ölkə başçımız İlham Əliyev cənabları ilk olaraq yaşlı insanları düşündü.Məhz cənab Prezidentin təşəbbüsü  və “Biz, birlikdə güclüyük!” devizi altında “Böyükləri qoruyaq!” sosial aksiyaya başlandı. Yaşı 65-dən yuxarı olan yaşlı insanlara evdən çıxmamağı məsləhət görüldü. Onların evdə olduqları müddətdə bütün sosial təminatlarının həll olunması üçün göstərişlər verildi. Yaşlılara kömək məqsədilə ərzaq yardımları ayrıldı, əmək haqlarının verilməsi şərtilə bir qrup könüllü ayrıldı. Onların sosial problemlərinin yerindəcə həll olunması məqsədilə lazımi göstərişlər verildi. Aralarında sağlamlıq problemləri olan çoxlu sayda insanların hər biri ilə xüsusi qaydada maraqlanıb, nəzarətə alınmaları üçün həkimlərə, tibb bacılarına göstərişlər verildi. Sağlamlığından şikayəti olanlar elə evlərindəcə müayinə edilib, müəyyən müalicələr təyin olundu. Eyni zamanda, yaşı 65-dən yuxarı olan insanların gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınıb verilməsi, kommunal xidmət haqlarının ödənilməsi və digər sosial xidmətlərin göstərilməsi üçün bütün lazımi tədbirlər görüldü.

Biz də “Xəzər Gənclər Evi”nin kollektivi olaraq dövlətimizin keçirdiyi “Böyükləri qoruyaq” adlı aksiyaya qoşulduq və ətrafımızda olan bir qrup gənclərlə, könüllülər ilə birləşib sevə-sevə yaşı 65-dən yuxarı insanları, böyüklərimizi ziyarət etdik, onlara əlimizdən gələn qədər müəyyən ərzaq və lazımı qidalarla təmin etdik.

Atılan addımların, görülən tədbirlərin hamısı ölkə başçımız İlham Əliyev cənablarının böyüklərə verdiyi yüksək dəyərin, onlara olan sonsuz hörmətin, diqqət və qayğının ən bariz göstəricisidir. Cənab prezidentimizin böyüklərə qarşı olan bu addımı eyni zamanda bizim kimi xalqına xidmət edən gənc rəhbərlərə bir örnəkdir.

Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyev cənablarının tarixlərdə, yaddaşlarda daim yaşayan məşhur bir ifadəsi var: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!”.

Doğrudan da, şəxsən öz adımdan demək istəyirəm ki, Azərbaycanda doğulduğum, bu ölkənin vətəndaşı olduğum üçün qürur duyuram. Mən və mənim kimi Azərbaycan gəncləri fəxr edirik ki, BİZ, AZƏRBAYCANLIYIQ!”

medonline.az

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin