“Vermə, dünyaları alsan da bu Cənnət Vətəni!”

0
9

Dəyərli dostlar, mən, möminlər diyarı sayılan Salyan rayonunun yetirməsiyəm. O rayon ki dünyaya Qafqazın 3 Şeyxül-İslamını gətirib. O rayon ki:

“Dilimin ucundadır həqiqətin böyüyü,
Nə qoyullar deyəlim, nə kəsillər dilimi…”


deyən, Azərbaycanın ay-ulduzlu, səkkiz guşəli bayrağının ideya müəllifi, Qafqazın Şeyxlərindən biri-Əhməd bəy Səlyaninin oğlu Əli bəy Hüseynzadəni, istiqlal şairi Xəlil Rza Ulutürkü,Əli bəy Hüseynzadə nəslinin davamçısı, uzun müddət Naxçıvan MR-in rəhbəri olmuş Aslan Hüseynovu, Aslan müəllimin yaxın qohumu, nümunəvi səhiyyə təşkilatçısı Rahim Məmmədhüseyn oğlu Hüseynovu dünyaya gətirib. Və mən, 1988-ci ildə başlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək məqsədilə 1989-cu ilin sentyabr ayında Laçın rayonuna, 1990-cı ilin yazında isə Xocalı şəhərinə yollanmışam. O zamandan taleyim Qarabağla bağlı olub. Qarabağlıyam, laçınlıyam, şuşalıyam, xocalılıyam desəm, yanılmaram.


28 il öncə Azərbaycanın dilbər guşələrindən biri olan Şuşa rayonu Ermənistan Silahlı Qüvvələri və onların havadarları tərəfindən işğal edildi.28 ildi Şuşasızıq, Xocalısızıq, Laçınsızıq.Həyat davam edir. Kimsənin xətrinə dəyməsin, hər cür yaşama səbəbi uğrunda mübarizə aparırıq-təkcə itirilən torpaqlara qayıdış dillərdə deyilən arzulardan başqa bir şey deyil.


Və nə qədər ki, boğazdan yuxarı danışacağıq, nə qədər ki, dünya malına hərisliyimiz daha çox olacaq, həm Xocalı, həm Şuşa, həm Laçın, həm Ağdam, həm də digər işğal edilən ərazilərimiz gözləyəcək-necə ki 100 ildən çoxdiu İrəvan gözləyir, Basarkeçər, Zəngəzur, Dərbənd, Borçalı gözləyir…
Şair çox gözəl deyib axı:”Vermə, dünyaları alsan da bu Cənnət Vətəni!”
Şəhidlərimizin ruhları şad olsun.Amin.


Hörmətlə,
Şamil Sabiroğlu,
Vətən müharibəsi veteranı, jurnalist.
Bakı, 08.05.2020.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin