Bakının Fantaziyası

0
44

Bilmirəm bu hamamdakı sudu yoxsa bozbaş

Hər gün gəzdiyimiz Tarqovu, keçdiyimiz küçə ,dəyişilən insanlar. Lakin 1 əsrdən çox yaşı olan dəyişilməyən bir məkan var. Bu Fantaziya hamamıdır.Tarixi abidənin  günümüzə dağılmış, xarabalığı xatırladan hissəsi gəlib çıxmışdır.  Müasir tiklilərin ətrafında olan bu abidə tikinti şirkətlərinin gözündənmi yayınıb? Abidənin girişində Dövlət tərəfindən qorunduğu, Mədəniyyət və Turizm nazirliyinin yerli əhəmiyyətli memarlıq abidəsi olduğunu sübut edən tablo asılıb.  Onu künclərdən mühafizə edən üç qaşqabaqlı şirin daş çənlərinə plastik butulkalar və şaurma salfetləri doldururlar. Hamamın arxa hissəsini insanlar məişət tullantıları üçün istifadə edir.  Arxa qapısında Binaya nəzarət edən Jek işçiləri üçün otaq ayrılıb. Binanın divarı dağılmış, tavan çökmüş,  otaqlar yararsız vəziyyətə düşüb. Bu xarabalığın dağılmış hissəsindən müşayiət etdiyimiz yer mıxlı,  taxta qırıntıları ilə örtülmüşdür. İçəri daxil olmaq istədik. Qapısı qıfıllı bu “xarabalığa” nəzarət edən bir şəxs belə tapmaq mümkün deyildi. Ətraf ərazidə yaşayan sakinlərlə  danışıqda bəlli oldu ki,abidənin içərisi tamamilə uçmuş və tavan çökmüşdür.İçəridə zəhərli sürünən canlıların olmaq ehtimalı da az deyil.Nəhayət uzun zamandan sonra “Jek” işçisi gəldi.Təəssüf ki,bu adamdan nə ətraflı məlumat aldıq, nə də ki içəri daxil olduq.

Fantaziya hamamı haqqında qısa tarixi məlumat

Bakının Füzuli və Səfərli küçələrinin kəsişməsində, Fəvvarələr meydanının bir qədər yuxarısında yerləşən 1886-cı ildə inşasına başlanan 13 yanvar 1897-ci ildə açılan məşhur Fantaziya hamamıdır. Bu günə qədər ilk sahibi haqqında heç bir məlumat yoxdur. Hamamın layihəsini isə şəhər idarəsinin üzvü, daha sonra isə şəhər başçısı, şəhərin ilk baş planının tərtibatçısı olmuş memar Nikolay Avqustoviç fon der Nonne verib. “Fantaziya” hamamının açılışı ilə əlaqədar  “Kaspi” qəzetində pafoslu məqalə də yazılmışdı. Məqalənin müəllifi deyirdi ki, sərmayədarlar qoyulan vəsaiti çıxara biləcəklər, çünki “Fantaziya” çox möhkəm və dəbdəbə ilə tikilmişdir. “Fantaziya” Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub. Onun telefon nömrəsi olub.  Binada o dövrün mühəndisliyin möcüzəsi sayılan elektrik spiral lampalar da asılmışdı. O vaxta qədər elektrik enerjisi ancaq dövlət idarələrində (o cümlədən, vağzalda) və varlıların evlərində olub. Rəngli lampalar dəhlizdə yerləşən fəvvarəni işıqlandırırdı. “Bu, hamam sahibinin özünün kəşfidir”, – “Kaspi” qəzeti yazırdı.

Ümumiyyətlə tək binanın içərisində deyil, çölündə də bütün işıqlandırma elektriklə olub. Künclərdən asılan fənərlər yuxarıda binanın xarici fasadındakı şirləri işıqlandırırdı, damdan isə sanki xüsusi bir təmtəraq vermək üçün elektrik projektor asılmışdı. Hamamda proseduralardan sonra çay içmək üçün xüsusi bir zal var idi. Çay masaları “Fantaziya”nın daxili həyətinə xüsusi gözəllik verirdi.

İçəri divarları və döşəməsi mərmərdən olan hamamın daxilində bir bütöv mərmərdən yonulmuş vannanı görmək olar.

Bütün divarlarında çoxlu yapma naxışlar, mələklər, yunan allahları, tavanında isə Şərq və Roma üslubunda divar naxışları olan iyirmiyə yaxın lakey, ofisiant və bir o qədər də xadimə işləyirdi. Servis rus, fransız, fars qəzetləri və jurnalları da təklif edirdi. Orada həm də canlı musiqi səsləndirilirdi, 1900-cü ildə isə onu yeni dəbə çıxan fonoqrafla əvəz etdilər. 1914-cü ilə qədər Bakıda ümumiyyətlə su kəməri olmayıb. Hamamda ağlasığmaz həcmdə xüsusilə bunun üçün daşınan şirin sudan istifadə edilirdi. Buna görə də bəzən “Fantaziya” bir neçə günlük ehtiyat toplamaq üçün bağlanırdı. Ən maraqlısı isə odur ki, “Fantaziya”da qiymətlər baha deyildi – minimal servisin qiyməti cəmi 50 qəpik idi. Yəni 20 manat maaş alan ən sadə fəhlə belə bura ayda azı bir dəfə gələ bilərdi.

                                      İtirilmiş dəbdəbə

1920-ci ildə hamamı bağlayıb, çıxarılması və satılması mümkün olan hər şeyi satdılar. Hamamın bir hissəsini söküb, mərməri çıxarıb binanı əvvəlcə hərbi hospitala, sonra isə məktəbə çevirdilər. “Fantaziya” sonradan 20-ci illərin axırlarında qayıtdı. Burada xalçalar sərib, binanı restavrasiya etdilər. Amma restoranı ləğv etdilər. O zaman bu şəhərdə ən yaxşı hamam olsa da, adi bir hamama çevrildi.  2000-ci illərdə və 2010-cu illərin əvvəllərində “Fantaziya” hələ də işləyirdi, amma dəbdəbəsindən demək olar ki, əsər-əlamət qalmamışdı. “Fantaziya” hamamında 2012-ci ildə “Qorxma, mən səninləyəm!” məşhur sovet filminin davamı olan “Qorxma, mən səninləyəm! 1919” filminin bir səhnəsi çəkilib. Videoda “otaqların” adda-budda sökülən kafelini və hamamın yapma naxışlı və fəvvarəli əsas zalını görmək olar.

Rəsmi məlumat

Mədəniyyət nazirliyindən verilən məlumata görə, Fantaziya hamamı özəl mülkiyyətdədir və dövlət tərəfindən qorunur.

Təmiri və ya yenidən qurulmasına gəldikdə isə, konstitusiya maddəsinə əsasən  özəl mülkiyyətdə olan abidə təmir oluna bilməz.

Sənan İmanov

Fotoları təqdim edirik

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin