“Dostum da, şirdaşım da kitablar, dəftərlərdi.”

0
111

Həmsöhbətimiz Azərbaycan ədəbi irsinə öz töhvələrini vermiş şair-publisist Tahirə Məğrurdur.

Qısa tanıtma:  Xanım Tahirə Məğrur Ucarda anadan olub. Uşaq vaxtından poeziyaya böyük həvəsi olan, balaca Tahirə gördüyü hadisələri kiçik hekayələrə gətirərdi. Hələ 12 yaşında ikən Ucarda nəşr olunan “Yeni söz” qəzetində ştatdankənar müxbir vəzifəsində çalışmağa başlayır.  Müxtəlif mətbu nəşrlərdə məqalələri nəşr olunan şair  “Atatürk dastanı”, “Sözün Rəsulu”,”Gül balalar” və s.  kimi məşhur əsərlərin müəllifidir. Azərbaycan Yazıçılar birliyin üzvü, “Qızıl Qələm”mükafatçısı şair-pulisist Tahirə Məğrur  Azərbaycanın xalq  şairi Rəsul Rzaya həsr etdiyi “Sözün Rəsulu” poemasına  görə “Beynəlxalq Rəsul Rza” mükafatına layiq görülüb.

Tahirə xanım gənclik illərini belə xatırlayır. “Mən o qədər özümə inanırdım ki, düşünürdüm kimsə mənim qarşımda dayana bilməz. Hər işin öhdəsindən gələcəyimə inanırdım. Gənc qız ikən bayram tədbirlərinin təşkili mənə həvalə edilirdi. Mən də böyük həvəslə işimi görürdüm. Bugünə qədər əldə etdiklərimi yalnız özümə borcluyam. Hər bir insan uğurunu öz alın təri ilə qazanmalıdır.”

2001-ci ildə “Ocaq”ədəbi birliyində şairin ilk dəfə şeirlər toplusu nəşr olunmuşdur. Tahirə xanımın ilk təxəllüsü “Küsgün”olub. Lakin, sonradan bu adı bütün Azərbaycan qadınlarının şəninə dəyişərək “Məğrur” adı ilə əvəz edir. “Mən hər yerdə Azərbaycan qadınını təmsil edirəm. Azərbaycan qadınına isə güclü, əyilməz,qorxmaz və məğrur olmaq yaraşır.”

Tahirə xanım  Azərbaycan xalqına üçün təkcə şair, yazıçı kimi xidmət etməyib. Eyni zamanda  32 il Nizami rayon 8 saylı Qadın məsləhətxanasında tibb işçisi olaraq fəaliyyət göstərib.

Şairlə söhbətimdə bir nigarançılıq, insanların  laqeydliyindən doğan narahatlığı sezdim. Şairin bir neçə əsəri yazılıb hazır olmasına baxmayaraq hələki maddi imkansızlıq baxımından çapa verilməyib.  Artıq hazır olan və çapını  gözləyən “Son məktub” povestinin isə maraqlı və biraz da həyacanlı süjet xətti olduğunu söyləyən xanım Tahirə Məğrur bu əsərinin oxucuları tərəfindən seviləyəcəyinə inanır. Oxucularla görüşə tələsən kitabda müharibə səbəbindən ayrılmış sevgililərin uzun və həsrətli hicranından sonra onların qovuşmasından bəhs edir.

Hazırda  Tahirə Məğrur 2008-ci ildən bəri fantastik biraz da  macəra dolu ruhlar aləmindən bəhs edən kitab üzərində işləyir. Kitabda xanım yuxuda gördüklərini, bu yuxuların ona nə demək istədiyini nəql edir.

Təklikdən gileylənən qəhramanımız kiməsə güvənə bilmədiyini və bu səbəbdən özünü tənha hiss etdiyini bizimlə bölüşdü. “Dostum da, şirdaşım da kitablar, dəftərlərdi. İnsan bəzən övladı ilə öz dərdini bölüşə bilmir. Bu zaman imdadıma qələmim yetişir.”

Qadını həyata bağlayan  sevgi və diqqətdir. Tahirə xanım 16 yaşı olanda sevdiyi insanın dünyasını dəyişməsinə rəğmən hələ də onu sevdiyini söyləyir. O deyir: “Allah mən kimi çox sevdimsə onu məndən aldı. Elə ən yaxın rəfiqəm,  şair Natiqə Yusifqızı da məni tək qoyub getdi. Onun yazdığı şeirləri çap etdirməyi düşünürəm.”

Sərt görnüşünün arxasında mehriban, zərif, duyğulu bir qadını gizlədən  Tahirə xanım keçdiyi həyat yolu bir çoxlarımıza örnəkdir. Qadına yüklənənləri daşımağa və yaşamağa məcbur edilsə də qadın öz gücünü, əzmini qoruyur, əyilmir, baş əymir. Elə bizim Məğrur qadınların timsalı şair Tahirə xanım kimi.

Tahirə xanıma kollektivimiz adından əsl qadın xoşbəxtliyi, yaradıcılığında nailiyyətlər diləyirik.

Hazırladı:

Nübar Novruzova,

Türkanə Səfərova.

Bakı, 2020, medonline.az.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin