“Qadın savadlı, sağlam, xoşbəxt olarsa bu, bəşəriyyərtin xilası deməkdir”

0
128

Qadın deyiləndə haqqında  “Qadın böyük qüvvədir!” deyimini xatırlayıram. Ancaq qüvvəsi nə qədər böyük olsa da, qadının da çətinlikləri, itirdikləri də olur. Zənnimcə istənilən insanı və ya qadını böyük qüvvə edən düşdüyü çətinlikdən çıxma bacarığıdır. Həmsöhbət olduğum müsahibimin də həyatda qazandıqları kimi itirdikləri də çox olub. Ən böyük itkisi isə doğulub boya-başa çatdığı Xankəndi şəhərindən ayrı düşməsidir.

Qısa tanıtma:  Xatirə Yusif qızı Vəliyeva 1965-ci ildə Xankəndində anandan olub. Orta məktəbi 1983-cü ildə fərqlənmə ilə bitirib. Həmin ildən Xankəndi Uşaq Oyuncaqları İstehsalat Müəssisəsində usta vəzifəsində çalışışıb. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin  (indiki BDU) Kimya fakültəsinə daxil olmuş. 1989-cu ildə universiteti bitirdikdən sonra  təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Aşqarlar Kimya İnstitutunda mühəndis vəzifəsində çalışmışıb. 20-dən çox elmi məqaləsi Azərbaycanda və xarici ölkələrdə çap edilib. 2013-cü ilin iyul ayından “Xankəndi” Məcburi Köçkünlərə Dəstək ictimai birliyinin sədridir. 2018-ci ilin dekabr ayından etibarən  “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvüdür.2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində yaradılan İctimai Şuranın katibidir.

-Xankəndini tərk etdiyiniz günü necə xatırlayırsınız?

-Mən, 1988-ci ildə Xankəndini tərk etmişəm. O zaman orda vəziyyət çox gərgin idi. Bizimlə birgə yaşayan, hər şeyimizi bölüşdüyümüz nadan qonşularımız birdən-birə  bizə  düşmən kəsilməyə başladılar. Xatırlayıram, Novruz bayramını  ermənilər bizdən daha çox gözləyirdilər. Bilirdilər ki, azərbaycanlı qadınlar bu bayramda ləziz təamlar hazırlayar, Qarabağ şirniyyatları bişirər, bütün qonşulara bayram payı göndərərdilər. Bayram tonqalının ətrafında biz mehribancasına toplaşar, bayramlaşardıq. Lakin nadan ermənilər bizləri təhqir edir, yaşadığımız evlərə  ara-sıra hücumlar edir, daş qalaqla qapı-pəncərəni sındırırdılar. Buna etiraz olaraq biz, bir qrup tələbə etiraz aksiyaları keçirməyə cəhd edirdik. Onların içində ən fəalı mən  idim. Çünki, mənim doğma yurdum-Xankəndim  əldən gedirdi. İlk ocaq Xankəndində qalanmışdı. Baş verənlərə reaksiya verməsi üçün bir qrup gənc mərkəzə, Bakıya gələrək  Respublika Ali Sovetinə müraciət etdik. Bildirdik ki, orada həyat iflic vəziyyətdədir. Təbii ki, o zaman hakimiyyət bizi dinləmədi və kor-peşman evlərimizə qayıtmalı olduq.

-Xatirə xanım, bir neçə kəlmə də ailə vəziyyətiniz barədə məlumat verərdiz.

-1993-cü ildə ailə həyatı qurdum. Bu nikahdan 2 övladım dünyaya gəldi. 2008-ci ilə qədər ictimai fəaliyyətimə qismən ara vermişdim. 2013-cü ildə Xankəndinin o zamanlar heç bir strukturu olmadığı üçün bizim bir araya gəlməyimiz mümkün deyildi. 2009-cu ildə Azərbaycan Respublikası “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi yaradıldı. Şuşa rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov bu Təşkilata rəhbər seçildi. Bayram müəllimin rəhbərliyi dövründə Xankəndi şəhər əhalisinin qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülürdü.  Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şirin Mirzəyevin ömür-gün yoldaşı Flora Qasımova millət vəkili seçildikdən sonra isə imkanlar daha da artdı. Flora xanım xankəndlilərin ziyalılardan ibarət nümayəndələrini öz ətrafına topladı. Mənim ictimai fəallığım Flora xanımın diqqətini cəlb etmişdi. Beləliklə, biz ziyalı xanımlar gücümüzü ortaya qoyub, həmrəy olduq.  Flora xanımın dəstəyi ilə “Xankəndi” Məcburi köçkünlərə Dəstək İctimai Birliyini yaratdıq. Məni həmin Təşkilata rəhbər seçdilər.

– Sizcə, ailədaxili qayğılarından öhdəsində gəlmək daha çətindir yoxsa ictimai fəaliyyətlə məşğul olmaq?

-İctimai fəaliyyətə başladığım zaman övladlarım artıq böyümüşdü. Hər ikisi Respublika DİN-in nəzdindəki Polis Akademiyasında təhsil alırdılar. Bugün hər ikisi təhsil aldıqları ixtisas üzrə çalışırlar. Övladlarımı sağlam düşüncə ilə vətənpərvər ruhda böyütmüşəm. Buna görə də bu istiqamətdə nailiyyətlərimi gördükcə həyat yoldaşım və övladlarım mənə dəstək oldular. Qadın istər ailədə, istərsə də cəmiyyətdə özünü təsdiq etmək istəyirsə, həmişə özünə – gücünə inanmalıdır.

-Müharibə sizdən nələri aldı? Sizcə müharibə olmasaydı siz bugün nə ilə məşğul olardız?

-Mən Xankəndinə bağlı bir insan idim. Bakıda təhsil almağıma baxmayaraq Xankəndində kimya müəllimi kimi işləmək ən böyük arzum idi. Məndən çox gözəl pedaqoq olardı.

–  Xatirə xanım,  2 gün sonra bütün dünya 8 Mart- Beynəlxalq Qadınlar gününü qeyd edəcək. Bu əlamətdar gün münasibətilə Sizi ürəkdən təbrik edirik. Azərbaycan qadınına arzularınız?

-Mən də bütün Azərbaycan xanımlarını ürəkdən təbrik edirəm. İstərdim Azərbaycan qadını hər zaman güclü olsun. Arzularının arxasıyca getməkdə iradəli olsunlar. Bütün qadınlar həmişə gülsünlər. Çünki, Azərbaycan qadını, o cümlədən, dünya qadınları xoşbəxtliyə layiqdirlər. Qadın savadlı, sağlam, xoşbəxt olarsa bu, bəşəriyyərtin xilası deməkdir.

Növbəti müsahibimiz Laçın şəhərindən məcburi köçkün, ziyalı xanım Vəfa İsmayılovadur. Qəhrəmanız digər müsahiblərim kimi əldə etdiyi uğurları çətin və keşməkeşli yollardan keçərək əldə edib. Onu uğura gedən yolda rastlaşdığı maneələr həvəsdən salmamış əksinə gücləndirərək cəmiyyət üçün yararlı və faydalı şəxsə çevrilməsinə səbəb olmuşdur.

-Vəfa xanım, biraz sizi tanıyaq?

-Mən 1977-ci il noyabrın 4-də  Laçın rayonunda zəhmətkeş bir ailədə dünyaya göz açmışam. Atam avtobusda sürücü, anam isə çörək zavodunda işləyib.Ailədə 3 uşaq olmuşuq.1992-ci ilə qədər xoşbəxt və qayğısız bir həyatımız olub.Ta ki, ermənilərin Laçına hücumuna qədər

-Həmin günləri necə xatırlayırsız? Ağır olsa da bizə yaxın keçmişinizindən yaşadığınız zülmətli günlərdən danışın.

-Laçın erməni işğalçıları tərəfindən işğal olunanda mənim 15 yaşım var idi. Hər şey indiki tək xatirəmdədir.Atışma səsləri gəlirdi.Vertolyotdan ermənilər şəhəri atəşə tutmuşdular. Hamı vahimə və təlaş içində idi. Atışma güclənmişdi.Güllə yağışı altında biz  8 may 1992 -ci ildə Laçını tərk etməli olduq.Bərdənin Uğurbəyli kəndinə babamgilə gəldik.

-Müharibədən sonra həyatınız necə dəyişdi? Laçınsız həyatınızı təssəvür edə bilirdinizmi?

 Bakıda həyat bir bambaşqa idi.Müharibədən uzaq,sakit bir həyat. Yavaş-yavaş bura uyğunlaşmağa başladıq. Mən böyüdüm. Ali məktəbə qəbul olunmaq üçün imtahan verdim və Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə qəbul oldum. Lakin, mənim tələbə adını qazanmağım ailədə adi hal kimi qarşılandı.Əvvəllər qohum əqrəbadan eşitdiyimiz gözəl tələbəlik illərinin də dadını şirinliyini yaşamadım. Dəyişən bir şey vardı sadəcə artıq tələbə idim.

-Ali təhsilli bir xanım kimi sonrakı hədəfiniz nə idi?

-Tələbəliyim maraqlı keçməsə də bir məqsədim var idi. Təhsil alıb cəmiyyət üçün, Azərbaycan üçün, Vətən üçün layiqli bir vətəndaş olmaq.Universiteti bitirdikdən sonra 1999-cu ildə oxuduğum Laçın şəhər 1 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyətə başladım. Bu mənim köçkünlük həyatımda 2-ci uğurum idi. Sonra ailə həyatı qurdum. Övladlarımı böyütməyə başladım. Eyni zamanda pedoqoji fəaliyyətimi davam etdirirdim. Oxuduğum məktəbdə mənə dərs deyən müəllimlərimlə çiyin-çiyinə işləmək mənə çox stimul verirdi. İş təcrübəmdə müəllimlərimdən görüb götürdüklərim sonrakı həyatımda mənə çox kömək oldu. Dayanmadan  çalışaraq yeni hədəflərə doğru gedirdim. 2011-ci ildə işlədiyim məktəbə təlim tərbiyə işləri üzrə direktor müavini, daha sonra direktoru vəzifəsinə təyin olundum.

– Sonda nə demək istərdiniz?

-Onu demək istərdim ki, mənim kimi qaçqınlıq həyatı yaşayan minlərlə azərbaycanlı qadın var . Ancaq, hər kəs özünə güc toplayıb, cəmiyyətdə mövqe tutmaqda şanslı deyildi. Müharibə bizdən çox şeyləri alsa da əzmimizi qıra bilmədi.Bəlkə də Allah mənə bu gücü verdiki, bu qədər məhrumiyyətlərə baxmayaraq məcburi köçkün olsamda həm qadın kimi həm bir ziyalı xanım kimi bu həyatda öz mövqeyimi tuta bildim.

Şükufə xanım Səfərova  da digər həmsöhbətlərim kimi məcbur köçkünlük həyatı yaşamış işgüzar xanımdır.

-Şükufə xanımı tanıyaq? Necə bir ailədə böyümüsüz?

-Mən S,Şükufə Səfər qızı 1956-ci ildə Füzulinin Şükürbəyli kəndində anadan olmuşam.Orta məktəbi bitirdikdən sonra 1974-cü ildə Bakı Məktəbəqədər Pedoqoji Texnikomuna daxil oldum. 1980-ci ildə təyinatla Füzuli şəhərində müəllim kimi fəaliyyət göstərmişəm. Həmin ildə ailə həyatı qurdum. Ümumiyyətlə bizim ailəmiz çoxuşaqlı ailə idi. 4 qardaş, 4 bacı. Böyük qardaşım Səfərov Yaver Səfər oğlu 1993-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Sonra Bakıya gəldik və Xəzər rayonunda müvəqqəti yerləşdirildik.Əvvəllər vəziyyətimiz çox ağır idi. işləmirdim. Hətta uşaqları bir müddət məktəbə yola sala bilmirdik. Bu vəziyyət 5 ilimizi aldı. Sonra mən özümdə güc toplayıb yollandım Xəzər rayon təhsil şöbəsinə. O vaxtdan indiyədək Xəzər rayon Binəs qəsəbəsində yerləşən 84 saylı Körpələr evi uşaq baxşasında işləyirəm.

-İctimai fəaliyyətinizə nə zaman başlamısınız? Kifayət qədər ictimai nüfuzunuz var. Bu haqda danışardınız.

– “Şəhid Ailələrinə Qayğı”cəmiyyətini şəhid qardaşımın yoldaşı Güllü xanımın təşəbbüsü ilə yaratdıq. Imkanlı şəxslərin köməyi ilə biz bir sıra yardım aksiyalar, kampaniyalar keçirərək şəhid ailərinə dəstək olmağa çalışmışıq. Düşünürəm ki, atdığımız addımlarla şəhid ailələrinə qismən də olsa təsəlli vermiş oluruq. Dövlətin bu istiqamətdə rolu danılmazdı.

Müsahibələr 8 mart Beynəlxalq Qadınlar Gününə ithaf olunur. Bütün xanımları bu bayram münasibəti ilə təbrik edirik. Məqaləmi, Malalanın gözəl sözləri ilə bitirmək istəyirəm. O deyirdi: “Bir qadın, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişə bilər.”

                                Hazırladı: Türkanə Səfərova

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin