Leyla Əhmədova : “Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyinə böyük ehtiyacımız var!”

0
112

Müsahibimiz Rusiyanın Rostov-don şəhərində yaşayan həmyerlimiz Leyla Şəmşir qızı Əhmədovadır.

medonline.az müsahibəni təqdim edir.

-Leyla xanım, Azərbaycana xoş gəlmisiniz. Mümkünsə ailə vəziyyətiniz, Rostov-don şəhərində işiniz və fəaliyyətiniz haqqında qısa məlumat verəsiniz.

-Mən əslən Gürcüstanın Dmanisi rayonundanam. 1988-ci ildən Rusiyanın Rostov-don şəhərində ailəvi yaşayırıq. Orda kiçik sahibkarlıqla məşğulam. 2000-ci ildə ömür-gün yoldaşım dünyasını dəyişib. 3 övladım var.

-Rostovda yaşayan azərbaycanlılar əsasən hansı sahədə çalışırlar?

-Rəsmi pasport qeydiyyatı olan azərbaycanlılar iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar. Məsələn: Kənd təsərrüfatı, maldarlıq, ticarət və s. Rostovdakı Azərbaycanlı soydaşlarımızdan biri-xeyirxah insan olan Kərim Babayev Kənd təsərrüfatı məhsullarının satış bazarını yaradıb. Bu bazar Rostovda ən böyük bazarlardan biridir. Orda min nəfərə yaxın soydaşımız ticarətlə məşğuldur. Bildirirəm ki, soydaşlarımız arasında səmimi münasibət vardır. Biz istər xeyir, istərsə də şər məclislərində birgə iştirak edirik. Ekstermial şəraitdə insanlara kömək məqsədilə xüsusi fond yaratmışıq. Dünyasını dəyişən insanların doğmalarına, eləcə də, aztəminatlı ailələrin xeyir işlərinə bu fond tərəfindən kömək edirik.

-Rostovda yaşayan azərbaycanlılar əsasən hansı problemlərlə üzləşirlər?
-Rostovda yaşayan azərbaycalıların ən böyük çətinliyi qeydiyyat məsələləridir. Belə ki, Rostov-dona gələn azərbaycanlılar müvəqqəti qeydiyyata düşmək üçün bir çox çətinliklərlə rastlaşırlar. Müvəqqəti qeydiyyat üçün ilkin ödəniş 1000 manat (40000 rubl) daha sonra isə hər ay müəyyən qədər ödəniş tələb olunur. Bu ödənişi edə bilməyənlər deportasiya edilir, onlara cəzalar verilir. Orda yaşayan gürcülərin diasporu çox güclü işləyir. Amma bizim diaspor zəifdir. Əvvəllər Rostovda əslən Azərbaycanın Samux rayonundan olan Şakir Allahverdiyevin başçılğı altında Konqres fəaliyyət göstərirdi. Həmin Konqresdə gözəl komanda formalaşmışdı: azərbaycanlıların qarşılaşdıqları problemlərin həllinə dərhal reaksiya verilirdi. Konqres dağıldıqdan sonra Rostovda yaşayan azərbaycanlıların vəziyyəti birə-beş qat pisləşdi. İndi işləmək üçün Rostov-dona gələn azərbaycanlıların qeydiyyat problemi olduğundan burda fəaliyyət göstərən hüquq mühafizə orqanlarının əməkdaşları miqrant soydaşlarımızı incidir, onları Azərbaycana deportasiya edirlər. Təklif edirəm ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir Nuriyev, eyni zamanda Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbərliyi Rostovda yaşayan azərbaycanlılara qarşı diqqəti artırsınlar.

-Azərbaycanın işğal edilmiş şəhər və rayonlarının ildönümlərini, o cümlədən “20 yanvar” və Xocalı soyqırımının ildönümləri Rostov-donda yad edilirmi?

-Etiraf edim ki, Şakir müəllimin diaspora rəhbərliyi dövründə Azərbaycan xalqına aid dövlət bayramları, müstəqillik günü, Qan yaddaşımız olan “20 yanvar” və Xocalı soyqırımının ildönümləri xüsusilə qeyd edilirdi. Məsələn, Rostovda yaşayan başqa xalqlar arasında milli mətbəxlə əlaqədar yarışma keçiriləndə biz həmişə birinci yeri tutardıq. Hazırda isə həmin günlər arxivləşib.

-Azərbaycana gəlişiniz nə ilə bağlıdır?
-31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, həmçinin Yeni təqvim İlini doğmalarımla keçirmək qərarına gəldim. Bakıya gəldiyim müddətdə tanınmış idmançı Nurəddin Beyləqanlı ilə birlikdə bir çox uşaq və əlil evlərində oldum.”Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Ana harayı”qəzetinin baş redaktoru, “Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi(1918-2018)” yubiley medalının mükafatçısı, “İlhamlı Azərbaycan” döş nişanına layiq görülmüş müharibə veteranı, jurnalist Şamil Sabiroğlu ilə görüşdüm.Həm Rostov-donda, həm də Azərbaycanda milli vətənpərvərlik ruhunda keçirəcəyimiz tədbirləri müzakirə etdik.

Maraqlı müsahibə üçün çox sağ olun.

Söhbəti yazdılar:
Türkanə Səfərova,
Şamilə Şamilqızı,
Sənan İmanov.
“Ana harayı” qəzetinin xüsusi müxbirləri.

Azərbaycan Respublikası, Bakı şəhəri

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin