Salyanın Rahimi var, Rahimin də Salyanı

0
39

Hüseynov Rahim Məmmədhüseyn oğlu 1947-ci il iyun ayının 3-də Salyan şəhərində anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin(o zaman İnstitut kimi fəaliyyət göstərirdi) müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.1970-ci ildə Tibb İnstitunu bitirib təyinatla Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdə həkim-cərrah kimi çalışmış, dəfələrlə təşəkkür və fəxri fərmanlara layiq görülmüşdür. 1972-ci ildə ordudan təxris olunduqdan sonra Salyan RMX-na cərrah vəzifəsinə göndərilmişdir. R.Hüseynov 1975-ci ildə Respublika Səhiyyə Nazirliyinin aparatına həkim-təlimatçı vəzifəsinə irəli çəkilmişdir. 1980-ci ildə çox vacib sahəyə- Müalicə-Profilaktika Yardımı Baş İdarəsinə rəis təyin edilmişdir. 1986-cı ildə Rahim Hüseynov Səhiyyə Nazirinin müavini vəzifəsinə irəli çəkilmişdir. Bu vəzifədə onun səlahiyyət dairəsi xeyli genişlənmiş, təcrübəsi və işgüzarlığı sayəsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.Qarabağ münaqişəsinin başlandığı ilk günlərdən Rahim müəllim bütün bacarıq və səyini bu istiqamətə yönəltmişdir.Onun böyük əzmkarlığı sayəsində Dağlıq Qarabağın Azərbaycanlılar yaşayan bütün kəndlərində Tibb Məntəqələri yaradılmış, lazımi dərman və avadanlıqla təmin olunmuşdur. Rahim Hüseynov əsl vətənpərvər insan,bacarıqlı səhiyyə işçisi kimi xalqının azadlığı uğrunda vicdanla çalışmışdır.O, müntəzəm olaraq döyüş bölgələrinə getmiş,həmin illər ərzində 487 gün ezamiyyətdə olmuşdur.

Xüsusi qeyd edim ki, R.Hüseynov 1990-cı ildə Salyan rayonundakı 288 saylı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə Milli Məclisə deputat seçilmişdir.1990-1995-ci illərdə bütün gücünü və qüvvəsini  Qarabağ hadisələrinə sərf etməsinə baxmayaraq, seçiciləri üçün də vaxt ayırmış,öz deputat vəzifəsini layiqincə yerinə yetirməyə çalışmışdır. Deyirlər, insan dar gündə tanınar.Rahim Hüseynov bacarıqlı səhiyyə rəhbəri olmaqla yanaşı əsl vətənpərvər kimi də ən çətin günlərdə tanındı.1992-ci ilin aprelində R.Hüseynov Azərbaycan Respublikasının Səhiyyə Naziri təyin edildi.Onun nazir müavini və nazir işlədiyi dövrlərdə Respublikanın şəhər və rayonlarında yeni xəstəxanalar,dispanserlər və poliklinikalar tikilib istifadəyə verilmişdir.Həmin vaxtlarda eyni zamanda elmi fəaliyyətini də davam etdirirdi. R.Hüseynov 100-ə yaxın elmi əsərin və məqalənin müəllifi, Tibb Elmləri Namizədi, professordur. O,Beynəlxalq İnformasiya Akademiyasının həqiqi üzvü, Akademik Y.Məmmədəliyev adına mükafatın və adını çəkə bilmədiyim neçə-neçə Beynəlxalq Müsabiqələrin Laureatıdır.Rahim müəllim hansı vəzifədə işləməyindən asılı olmayaraq həmişə vicdanla çalışmış, öz bilik və təcrübəsi sayəsində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişdir.Rahim Hüseynovun xidmətləri kiçik bir yazıya və xatirəyə sığası deyil.Onun kimliyini xalqın,elin tanınan insanları daha yaxşı bilir.Doğru deyiblər ki,elin insana verdiyi qiymət ən düzgün qiymətdir.

  Akademik Ziyad Səmədzadənin Rahim müəllim haqqında dediklərindən bir neçə cümlə : “Rahim müəllim Qarabağ probleminin kəskinləşdiyi dövrdə yüksək təşkilatçılıq qabiliyyəti ilə əhalinin sağlamlıq keşiyində durdu.O, rəhbərlik etdiyi sahədə çalışan ağxalatlıları səfərbər edib,yaralıların xəstəxana və hospitallarda yerləşdirilməsi,dava dərmana və texnikaya olan ehtiyacı ödəmək işinə şəxsən özü başçılıq edirdi.”

Professor Nurəddin Rzayevin (indi haqq dünyasındadır) Rahim müəllim haqqında dediyi bu cümləyə əlavə söz qoşmağa ehtiyac yoxdur: “ Səhiyyənin nümunəvi təşkilini Rahim Hüseynov qədər düzgün bilən ikinci bir mütəxəssis tanımıram.”

Xalq şairi Bəxtiyar Vahabzadə vaxtı ilə Rahim müəllim haqqında deyib: “Rahim Hüseynovun yüksək təşkilatçılığı sayəsində ordunun tibbi ləvazimat və dərmanlarla təmin olunması xeyli yaxşılaşdı.Məhz onun rəhbərliyi altında döyüşlərdə yaralanan minlərlə yaralı təxliyə olundu.Və onların böyük əksəriyyəti yenidən həyata qayıtdı.”

Xocalı Rayonunun keçmiş İcra Başçısı, hazırda Bakı şəhərində yaşayan Elman Məmmədov  isə bunları deyib : “Xocalıya gələnlər arasında intellektual səviyyəsinə görə başqalarından fərqlənən, sözü bütöv, doğma Vətənimiz uğrunda əzmlə mübarizə aparan azman bir kişi vardı.O,təkcə tibb sahəsində deyil,digər sahələrdə də əsl fədəkarlıq göstərirdi.Elə götürək Xocalıda tikilmiş 150 çarpayılıq xəstəxana.Rahim müəllim onun tikintisinə nə qədər səy göstərdi,İlahi!Hətta o,günlərlə,həftələrlə Xocalıda qaldı.Tikintinin sürətlə və keyfiyyətlə aparılmasına nəzarət etdi.Gecələr bizimlə birlikdə gözətçi məntəqəsinə gedərək,şəhərin müdafiəsində durdu.Rahim müəllim Xocalıda 150 çarpayılıq xəstəxana deyil,eyni zamanda 150 yerli poliklinika da tikdirmişdi.

Xocalıda doğulub böyüyən,uzun illər Xocalının baş həkimi işləmiş Respublikanın Əməkdar həkimi, Xocalı soyqırımı zamanı əsir düşən,yalnız uca Allahın möcüzəsilə sağ qurtulan Məmməd Nağıyev : “Qarabağ hadisələri başlananda mən ,Stepanakert ayaqqabı fabrikində həkim işləyirdim.Rahim Hüseynovla tanışlığım,1988-ci ilin oktyabrında oldu.Bizi Bakıya kursa göndərmişdilər.Rahim müəllim o vaxt Səhiyyə Nazirinin müavini işləyirdi.Ermənilərin aramsız hücumları barədə məlumat alan kimi bizim təcili  Qarabağa qayıtmağımıza göstəriş verdi.Mən Xocalı rayonunun Cəmilli kəndinə təhkim olundum.Rahim müəllimin şəxsi nəzarəti altında xeyli dava-dərman gətirildi.Cəbhə bölgəsində olan kəndlərin hamısına təcili yardım maşınları verildi.Rahim müəllim bir gündə vertolyotla Qarabağın 7-8 kəndinə gedər,əhalinin problemləri ilə tanış olurdu.Şahidəm ki,dəfələrlə onun uçduğu vertolyot,ermənilər tərəfindən atəşə tutulmuşdur.O, həyatını təhlükəyə ataraq əqidəsindən dönmürdü.”

Tanınmış şair Dəmir Gədəbəyli Rahim Hüseynov haqqında yazdığı şeirin 1 misrası :

Polad əzimlisən çətin sınasan,

Vəfasız dostları bir də sına sən,

Sən ulu Loğmansan,İbn Sinasan,

Ay həkim əlləri şəfalı dostum!

 

Rahim Hüseynov Səhiyyə Naziri vəzifəsindən azad olunduqdan sonra ona bir neçə vəzifə təklif edildi.Lakin o,Elm və Təhsil mərkəzi – Təfəkkür universitetinin prorektoru vəzifəsində işləməyə razılıq verdi.Bu vəzifədə o,elmlə məşğul olmaqla bərabər,universitetdə təhsil alan tələbələrə əsl atalıq etib.Təfəkkür universitetinin sabiq rektoru, professor Müşfiq Atakişiyev Rahim müəllimdən söz düşəndə deyərdi : “Rahim müəllimi adil insan, alim, sədaqətli dost kimi tanımışam. Onun müdrikliyindən, sadəliyindən, təşkilatçılığından bəhrələnmişəm. Xoşbəxtəm ki,belə bir insanla uzun illər bir yerdə işləmişəm.”

  Tanınmış insanlarla bərabər, sadə insanların da Rahim Hüseynov haqqında dedikləri ürəklərinin dərinliyindən gələn tam səmimi hisslərdi.Bu insana olan hörmət və məhəbbət sonsuzdur.

Rahim Hüseynov bu universitetdə işlədiyi dövrdə çox imkansız tələbələrə köməklik etmişdir.Xüsusən də Qarabağ uğrunda canından keçən şəhidlərin övladlarına  doğma insan kimi arxa dayaq olmuşdur.Onlardan bir neçəsinin adını çəksəm yerinə düşər.Qarabağ döyüşlərində həlak olmuş polis mayoru şəhid Fəxrəddin Piriyevin qızı Gülnamə, Kəlbəcər ətrafında gedən döyüşlər zamanı həlak olmuş şəhid Vaqif Salmanovun oğlu Hikmət, ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş,şəhid Nazim Cəbrayılovun qızı Fidan Cəbrayılova,  Azərbaycanın Milli Qəhrəmanı şəhid Allahverdi Bağırovun qızı Aynur Bağırova və adını çəkmədiyim neçə-neçə şəhid,itkin,əlil ailələrinə kömək olmuşdur.“Salyanın Rahimi var” şeirini yazan şair çox gözəl deyib :

 

Qarabağı gəzsə də bütün sərhəd boyunca,

Qaməti şux Rahimin boyu olsa da uca,

Sədd  heyif görəmmədi Şuşamızı doyunca,

Ürəyi tək sevir o,bütün Azərbaycanı,

Salyanın Rahimi var,Rahimin də Salyanı.

 

Başqa gözəlliyi var müdriklik çağında da,

Barmaqla göstərilir ,təhsil ocağında da,

Bakı şəhərində də,Kürün qucağında da,

Qəlbdən deyir ellərin qocası,həm cavanı,

Salyanın Rahimi var ,Rahimin də Salyanı.

 

Salyanın yetirməsi nəğməkar şair, Elşən Sabiroğlu “Salyanım”şeirinin son bəndini Rahim müəllimə həsr edib:

 

“Rahimi var, gözəl insan,

Yoxdu belə təbib,loğman.

Dərdimizə edər dərman,

Xilaskarı var Salyanın.”

 

Xocalının Cəmilli kəndindən olan köçkün şairə İmarət Cəmilli Rahim müəllimi ən ağır günlərdə tanıyıb.Onun Qarabağ camaatına necə can yandırdığının şahidi olub.Ona görə də o, Rahim müəllimə”Həkim vicdanı” adlı bir poema həsr edib.Onun az bir hissəsini sizə təqdim edirik :

 

Ən ağır zamanda biz gördük onu,

Elə bil dünyanın sonuydu, sonu,

Üzündə gördüyüm əzəmət,qürur,

Hələ gözlərimin önündə durur.

Yollar bağlananda vertolyot ilə,

Özün yetirirdi o gülə-gülə :

Bilirəm çətindir nə etmək dözün,

Tez tez üstünüzdə olacaq gözüm.

***

Kəndin kişiləri yenə məhlədə ,

İndi onlar üçün nə vaxt,nə vədə,

Gərginlik onları çıxarıb haldan,

Baş aça bilmirlər,bu qalmaqaldan.

Əşi, ermənilər qudurub Vallah,

Nə bəndə tanıyır nədə ki Allah,

Bu köpək uşağı rusa güvənib.

Bıçaq da sümüyə gəlib dirənib,

Ola əlimizdə tutarlı silah,

Canımızdan keçib onları qıraq.

İt kimi gecələr bizə hürürlər.

Görən bu rəhbərlər nə düşünürlər ?

Kimi yamanlayır,kimi də söyür,

Kişilərdən biri bu sözü deyir :

“Nə yaxşı həkim var,dava-dərman var,

Yoxsa yaralımız əllərdə qalar,

Rahim Məmmədoğlu əsl kişidir,

Bu xeyirxahlıq da onun işidir.

***

İnsanların dürr incisi,

Həkimlərin birincisi,

Səhiyyənin bilicisi,

Səhiyyənin şahı olub,

Rahim belə Rahim olub.

 

Yaşayıbdır dağ vüqarlı,

Tanınıbdır etibarlı,

Hər işində o tutarlı,

Hər işində mahir olub,

Rahim belə Rahim olub.

 

Ey Xudaya, sənə nəsib,

Yağı,yolu,rizi kəsib,

Nə bir dəfə dizi əsib,

Nə bir  dəfə rəngi solub,

Rahim belə Rahim olub.

 

Qəlbi yanıb,göynəyibdir,

Allahı var,ölməyibdir.

De,nələri görməyibdir,

De nələrə şahid olub?

Rahim belə Rahim olub.

 

Şamil Sabiroğlu,

İmarət Cəmilli.

“medonline.az” saytının xüsusi müxbirləri.

Bakı, 22.12.2019.

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin