Azərbaycan və Türkiyə arasında tibbi sığorta üzrə əməkdaşlıq imkanları müzakirə olunub

0
9

Noyabrın 7-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun sədri Mehmet Selim Bağlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən Medonline.az saytına verilən məlumata görə, görüşdə, həmçinin Türkiyə Respublikasının Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları da iştirak ediblər.
Tədbirdə çıxış edən Zaur Əliyev iki qardaş ölkə arasında əlaqələrin bütün istiqamətlərdə olduğu kimi səhiyyə sahəsində də inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycanda icbari tibbi sığorta modeli hazırlanarkən bir sıra ölkələrin, o cümlədən Türkiyənin təcrübəsi öyrənilib. Z. Əliyev gələn ildən etibarən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq prosesi, Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihə çərçivəsində həyata keçirilən icbari tibbi sığortanın müsbət nəticələri barədə nümayəndə heyətinə məlumat verib.
Mehmet Selim Bağlı öz növbəsində qardaş ölkəyə səfər etməkdən hər zaman məmnun olduğunu bildirib. Tibbi sığorta sahəsində iki qurum arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edən qonaq Azərbaycanla öz təcrübələrini bölüşməyə hazır olduqlarını vurğulayıb.
Görüşdə 1998-ci il 17 iyul tarixində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti (bundan sonra – Tərəflər) arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında imzalanan Sazişin tibbi sığorta ilə bağlı müddəaları müzakirə olunub. Qarşılıqlı fikir mübadiləsi zamanı icbari tibbi sığortanın tətbiqi ilə bağlı tibb müəssisələrindəki hazırlıq prossesi, maliyyə, sığorta haqları, həkimlərin əmək haqları, tibb işçilərinin ixtisasartırılması ilə bağlı məsələlərə də toxunulub.
Görüşün sonunda, gələn ildən etibarən ölkəmizdə icbari tibbi sığortanın tətbiq ediləcəyi nəzərə alınaraq, vətəndaşların rahat şəkildə Tərəf ölkələrdə tibbi yardım alması, habelə Sazişdə müvafiq düzəlişlərin edilməsi ilə bağlı Agentlik tərəfindən müəyyən təklif və tövsiyələrin Türkiyə Cümhuriyyətinin Sosial Müdafiə Qurumuna təqdim olunması və mümkün əməkdaşlıq imkanlarına yenidən baxılması qərara alınıb.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin