Azərbaycanda 3D formatlı cihazla əməliyyat aparıldı

0
6

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ölkəmizdə ilk dəfə olaraq 3D+ Laparoskopik ginekoloji əməliyyat icra edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Medonline.az” saytına verilən məlumata görə Cərrahiyyə əməliyyatı Klinikanın II Mama-Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov və komandası tərəfindən uğurla icra olunub. 3D+ formatlı kameranın yaratdığı komfortlu görüntüyə görə əməliyyat gözlənilən müddətdən daha erkən və uğurla başa çatıb. Beləliklə, ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimləri növbəti dəfə innovativ təchizatdan istifadə edərək müasir əməliyyat icra ediblər.

Üçölçülü təsvirin əsas üstünlüyü ondadır ki, bu zaman həkim daxili orqanları olduğu kimi görüb daha düzgün qərar verə bilir. Orqanlar arasındakı məsafə, onların bir-birinə hansı nisbətdə yerləşməsi, dərinliyi, ümumiyyətlə hər bir şey insan gözünün gördüyü kimi əks olunur. Çünki, insan gözü istənilən obyekti iki rakursdan müşahidə edib birləşdirir və beynə ötürür. Beləliklə 3D təsvir yaranır. Yeni cihaz məhz bu cür üçformatlı aydın təsvir yaradır.

Kiçik dəlikdən içəri yeridilən 3D formatlı kameranın köməyilə qarın boşluğunun içi tam gözlə görünən formada əks olunur. Bu da həkimə imkan verir ki, əməliyyatı daha dəqiq yerinə yetirsin. Sanki həkim açıq əməliyyat yerinə yetirir, amma burada insan gözünün və beyninin işini cihazlar yerinə yetirir.

3D+ Laparaskopik aparatı kameralar və optik linza sistemindən ibarətdir. Bu cihaz xəstənin daxilindəki təsvirləri 3D monitora ötürür. 3D eynəkləri isə monitordakı təsviri həcmli şəkildə görməyə imkan verir.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin