Bu gün Azərbaycan vətəndaş cəmiyyəti institutuna daha bir təşkilat daxil oldu: “Məcburi Köçkün və Müharibə Veteranlarına Dəstək“ ictimai birliyi

0
10

Oktyabrın 30-da Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Məcburi Köçkün və Müharibə Veteranlarına Dəstək“ ictimai birliyinin təqdimatı oldu. Tədbir Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon şöbəsinin ofisində baş tutdu. Yeni yaranan təşkilatın məqsədi məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri, Qarabağ əlillərinin problemlərini araşdıraraq onların həllinə yardımçı, mənəvi dəstək olmaqdan ibarətdir.
Medonline.az saytı Qaziler.az saytına istinadən bildirir ki, təqdimatda təşkilatın sədri Əbil Zeynalov çıxış edərək birliyin məqsədlərindən danışdı. Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, “Qarabağ Əlillərinə Qayğı” birliyinin sədri Firidun Məmmədov, “Qarabağ Qaziləri“ İctimai birliyinin nəzarət-təftiş komissiyasının üzvü, Qarabağ qazisi Rafiq Kərimov, Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin sədri, jurnalist, “Tərəqqi”medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının mükafatçısı, müharibə veteranı   Şamil Sabiroğlu, Aprel qazisi, yeni yaranan təşkilatın idarə heyətinin üzvü Əhliyət Mehdiyev çıxış edərək təşkilatın yaranmasının zərurətindən söz açdılar, yeni təşkilatın rəhbərlərinə işlərində uğurlar arzuladılar. Çıxış edənlər bildirdilər ki, Azərbaycanda müharibə ilə bağlı xeyli sayda təşkilat var. Onların içərisində yaxşı fəaliyyət göstərəni də, fəaliyyətsiz olanı da var. “Ümid edirik ki, yeni təşkilat məcburi köçkün, şəhid ailələri və müharibə veteranlarının problemlərinin çözülməsi istiqamətində səmərəli fəaliyyət göstərəcək“. Yeni yaranan təşkilatın sədri Əbil Zeynalov qarşıya qoyduqları məqsədə çatmaq üçün əllərindən gələni edəcəklərini bildirdi.

 Qarabağ qazisi Əbil Zeynalov ağdamlı, “Qatır Məmməd“ ləqəbli Yaqub Rzayevin batalyonunda düşmənə qarşı vuruşub, döyüşlərin birində ağır yaralanıb. Xalq Hərəkatının Ağdamdakı fəallarından biri olub.

                                                    Sənan İmanov,

                                                   ADPU-nun III kurs tələbəsi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin