Krevetlər infarktdan xilas edə bilər

0
16

Məlumdur ki, müxtəlif antioksidantların uzunmüddətli profilaktik istifadəsi ürək-damar
sistemini möhkəmlətməyə, ürəyin işemik xəstəliyinin, miokard infarktının, hipertoniya
xəstəliyinin və insultun yaranma riskini azaltmağa imkan verir. Bu maddələrə isə bəzi balıqların, quşların və bitkilərin toxumalarında daha çox rast gəlinir.
Avstraliya alimləri kiçik dəniz heyvanları olan krevetlərin başlarından antioksidant
maddə olan astaksantin piqmenti almağa müyəssər olublar. Bu kəşfin müəllifi Yeni Cənubi Uels Universitetinin əməkdaşı Renak Karappasvamidir. Onun sözlərinə görə, bu xırda dəniz
xərçənglərinin bişirilmə zamanı qızarmasına səbəb olan həmin piqment öz xassələrinə görə
meyvə və tərəvəzlərdə aşkar edilmiş ən güclü antioksidantlardan 10 dəfə, E vitaminindən isə 500 dəfə təsirli antioksidantdır. O, insan hüceyrələrini qocalmadan müdafiə edir.
Astaksantin ilk dəfə alimlər tərəfindən 1936-cı ildə iri dəniz xərçəngləri olan omarlardan
alınıb. Bu maddə dərinin epitel qatının qabıqdan çıxması prossesində iştirak edir, hüceyrələrin yeniləşməsini stimullaşdırır, insan orqanizmini xarici və daxili toksik təsirlərdən müdafiə edir. Ümumiyyətlə, bəzi qida maddələri, A, C və E vitaminləri, selen və sink də antioksidantlardır.

Mənbə: Tibb qəzeti

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin