Milli Məclisin deputatı “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvləri ilə görüşdü

0
52

 

    Azərbaycanda çox az adam tapmaq olar ki, Bakı şəhərinin sabiq Prokuroru, baş ədliyyə müşaviri Şükür Həbib oğlu Rzayev haqqında məlumatı olmasın. Əslən şuşalı olan Şükür Rzayev sanballı el ağsaqqalı, hüquq-mühafizə orqanlarının ədalətli nümayəndələrindən biri idi. O, övladlarını Vətənə məhəbbət ruhunda, ləyaqətli övlad kimi böyütmüşdür. Rövşən Rzayev də onlardan biridir. 2018-ci ilin aprel ayından etibarən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışan Rövşən Rzayev qısa müddət ərzində 7000 nəfərdən çox məcburi köçkünlə görüşmüş, onların qarşılaşdıqları problemlərin həlli üçün aidiyyəti orqanların rəhbərlərinə tapşırıqlar vermişdir. Rövşən Rzayev həm də Azərbaycan Respublikası Milli Məclisinin Deputatı kimi səmərəli fəaliyyət göstərir. Rövşən müəllim iştirak etdiyi bütün beynəlxalq toplantılarda, Azərbaycan həqiqətlərinin, Qarabağ faciəsi və Xocalı soyqırımının tanınması üçün əllərindən gələni əsirgəmir.
Məlum soyqırımın 27-ci ildönümü ilə əlaqədar Komitə sədri R.Rzayev “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin bəzi üzvlərini və “İnkişaf” İnternet Televiziyasının təsisçisi xanım Firuzə İbrahimovanı qəbul etdi. Rövşən müəllim qonaqları salamladı, rəhbərlik etdiyi Komitənin fəaliyyəti haqqında qısa məlumat verdi. Bildirdi ki, Dövlət Başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları üçün geniş tədbirlər həyata keçirilir. Cənab R.Rzayev Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar nəzərdə tutulan tədbirlər haqqında da məlumat verdi. Natiq qeyd etdi ki, Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi haqqında Xocalı soyqırımının qurbanlarının xatirəsinə Bakının Xətai rayonu ərazisində ucaldılan “Ana harayı” abidəsi ziyarət olunacaq. Rövşən Rzayev, eyni zamanda, fevralın 23-də Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə də görüşəcəyi haqda məlumat verdi.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri,”Ana harayı”qəzetinin baş redaktoru,”Tərəqqi”medalının mükafatçısı, Qarabağ qazisi Şamil Sabiroğlu görüş iştirakçıları adından cənab R.Rzayevə öz təşəkkürünü bildirdi.Qeyd etdi ki, rəhbərlik etdiyi təşkilat Qarabağ faciəsi və Xocalı soyqrımının tanınması üçün maraqlı tədbir və layihələr həyata keçirir.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin İdarə heyətinin üzvü, Xocalı şəhər 2 saylı tam orta məktəbin direktor əvəzi, şəhid Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı xanım Fiqurə Rüstəmova, Birliyin Qadınlar Şurasının sədri xanım Ayna Allahyarqızı, Birliyin Nəzarət-Təftiş komissiyasının sədri, Qarabağ qazisi Zahid Qarayev, Birlik sədrinin müavini, şəhid Vasif Məmmədovun ömür-gün yoldaşı xanım Ceyran Əzizova, II dərəcəli müharibə əlili Hüseynağa Quliyev bu Təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verdilər.
Birliyin sədri, Şamil Sabiroğlu Xüsusi diplom və Təşəkkürnaməni cənab Rövşən Rzayevə təqdim etdi.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı Rövşən Rzayev “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi ilə rəhbərlik etdiyi Komitə arasında əlaqələrin daha da inkişaf etməsi üçün aidiyyəti üzrə tapşırıq verdi.

Şamilə Şamilqızı,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin III kurs tələbəsi.

Bakı, 16.02.2019

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin