Bakıda beynəlxalq tibbi treninqlər keçirilir

0
3

Bakıda Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə IV beynəlxalq tibbi treninqlərə start verilib.

Medonline.az Azərtac-a istinadən xəbər verir ki, təlimlərdə Azərbaycanla yanaşı, Almaniya və Türkiyədən olan beynəlxalq səviyyəli alimlər 100-dən çox iştirakçıya laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, ginekologiya və tibbin digər sahələri üzrə ən son yeniliklər barəsində məlumat verəcəklər. Treninqlər Avropada həkim, rezident və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi üçün tədris edilən proqramlarla aparılır.

Tədbirdə çıxış edən Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, Almaniyanın Hannover Universitet Klinikasının professoru Mixail Gebel, Türkiyə Haccettepe Universitetinin professoru Meral Kanbak belə tədbirlərin keçirilməsinin Azərbaycanda tibb elminin inkişafına verdiyi töhfələrdən danışıblar. Çıxış edənlər kursların yüksəkixtisaslı həkim kadrların hazırlanması və onların müasir tibbin yenilikləri ilə məlumatlandırılmasında əhəmiyyətini qeyd ediblər.

Üç gün davam edəcək treninqlər Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 18 davamlı tibbi təhsil balı ilə qiymətləndirilir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin