ET Mamalıq və Ginekologiya İnstitutunda mətbuat konfransı keçirilib

0
555

24.07.2017-ci il tarixində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda mətbuat konfransı keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10.04.2013-cü il tarixli “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun və Elmi-Tədqiqat Pediatriya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər” haqqında sərəncamı çərçivəsində ETMGİ əsaslı təmir olunmuş və 01.03.2017-ci il tarixdən klinik fəaliyyətinə başlanılmışdır.

Əsaslı təmirdən sonra yenidən istifadəyə verilmiş müəssisə Səhiyyə Nazirliyinin 19.11.1985-ci il tarixli 350 saylı əmri əsasında 6 saylı doğum evinin bazasında yaradılmışdır. İlk dəfə olaraq məhz bu müəssisədə ultrasəs müayinəsi, kardiotokoqrafiya müayinəsi, histerosalpinqoqrafiya, rezistoservikometriya, amnioskopiya, rentgen pelviometriya, amniosentez, genetik müayinələr, hamiləliyin başa çatdırılmaması problemi zamanı immunoloji müayinələr tətbiq olunmuşdur. Endoskopik əməliyyatlar, cinsiyyət üzvlərinin inkişaf anomaliyalarının cərrahi müalicəsi ilk dəfə ETMGİ-də aparılmışdır.

Azərbaycanda doğuşayardım müəssisələri arasında ilk dəfə olaraq ETMGİ-də “Yenidoğulmuşların reanimasiyası və intensiv terapiyası” şöbəsi yaradılmışdır. 30 ilə yaxın müddət ərzində bu şöbədə yenidoğulmuşlara göstərilən gündəlik qulluqla yanaşı yenidoğulmuşların müalicəsi və onlara qulluq üzrə yüksək texnologiyalar tətbiq olunmuş və sonradan bu təcrübə Azərbaycanın digər doğuşayardım müəssisələrində də tətbiq olunmuşdur. Şöbənin bazasında həkimlərin və orta tibb işçilərinin ixtisaslarının artırılması üzrə metodik mərkəz fəaliyyət göstərmişdir. Azərbaycanın bütün doğuşayardım müəssisələrinin mütəxəssisləri ETMGİ-də hazırlıq kursları keçmişlər.

Hal-hazırda 431 əməkdaş çalışan müəssisənin elmi fəaliyyəti ölkədə ana və uşaqların sağlamlığının monitorinqı, çox yayılmış xəstəliklərin müalicə və profilaktikası üsullarının təkmilləşdirilməsindən ibarətdir.

Müəssisə, keysəriyyə kəsiyi əməliyyatından sonra ana və perinatal ağırlaşmaların azalma yolları, “Uşaqlıq mioması zamanı orqan saxlayıcı əməliyyatın tətbiqi və onun nəticələrinin yaxşılaşdırma yollarının araşdırılması”, “Uşaqlıq boynu patologiyalarının diaqnostika və müalicə metodlarının optimallaşdırılması”, “Dölün anadangəlmə və irsi patologiyalarının prenatal skrininqi”, “Tənəffüs pozulması ilə doğulan yarımçıq doğulmuşların respirator terapiyasının optimizasiyası” istiqamətlərində planlı elmi-tədqiqat işləri aparır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code