UĞUR ƏLDƏ ETMƏNİN TAKTİKASI

0
122

UĞUR ƏLDƏ ETMƏNİN TAKTİKASI

Bu gün çoxunuz uğurlu olmaq haqda, öz biznesinizi qurmaq barədə düşünürsünüz. Əlbəttə, biznesə sahib olmaq çox vacibdir: insan maddi və mənəvi cəhətdən sərbəst olur, öz həyatını azad şəkildə planlaşdıra bilir və s. Bəs, uğurlu olmaq üçün hansı xüsusiyyətlərə malik olmalısınız, hansı taktikaları bilməlisiniz? Bunu Fərdi Performans Koçu Babək Bayramovla olan söhbətimizdən biləcəksiniz.

Müsahibəni sizə təqdim edirik:

-Babək müəllim, uğuru kimlər əldə edə bilir? Uğurun bir taktikası varmı?

Əslində yer üzündə hamı eyni hüquqa malikdir. Lakin bəziləri həyatda uğur qazanır, digərləri isə bunu edə bilmir. Uğur qazanmaq, nəyəsə nail olmaq üçün ilk növbədə məqsədiniz aydın olmalıdır. İrəliləmək üçün stimulunuz, gücünüz olmalıdır. Bir şey bizim üçün uğur olduğu halda, başqa birisi üçün uğursuzluq ola bilər. Bir çox insanlardan həyatda nə istədiklərini soruşanda, cavabında « Heç nə. Biraz problemim olmasın, canım sağlam olsun, biraz da pulum olsun» deyib keçir. Burada onlar istədiklərindən çox, istəmədikləri şeyi arzulayırlar. Yəni pulsuzluq, xəstəlik istəmədikləri şeydir əslində. Bir qəzaya köklənirsənsə, onu reallaşdırarsan.

– Bu bir növ beynində modelini qurduğun hər hansı bir şeyin gerçəkləşməsi kimidir?

Bəli. Bilirsiniz, insanlar bəzən özlərini bir çox şeylərə layiq görməyə bilirlər. Burda uğurun 4 təməl prinsipi var: nə istəmədiyini deyil, nə istədiyini müəyyən etməlisən. Yəni ilk olaraq kim olmaq istədiyini müəyyənləşdirməlisən. İkinci növbədə isə baxırsan. Yəni mənim bir istəyim var. Burada PS, DS modeli var. Yəni mən sizə PS- DS modelini izah edim. Deməli, PS (present stay) yəni mövcud vəziyyət, digəri də DS( dream stay) yəni arzulanan vəziyyət. R isə resurslar. PS + R=DS Yəni indiki zaman (PS) üstünə gəlirik resurslar (R), bərabərdir arzulanan zaman (DS) Baxın, nə isə bir şey əldə etmək istəyirsiniz. Misal üçün bu, holdinq də ola bilər. Yəni bu gün bu niyə real deyil? Çünki resurslar (R) yoxdur. Yəni resurslar olsa, DS də baş verər. Yəni bu resurslar pul, daxili potensial, xüsusi bacarıqlar ola bilər. Daxili və xarici resurslar olmalıdır. Əgər bu yoxdursa, problem resurslarda deyil, resurs yaratma bacarığındadır. Pulun yoxdursa, bu pulu əldə etməyi bacarmalısan. Ünsiyyət qurmağı bacarmalısan, insanın qəlbinə girib orada motivasiya yaratma bacarığın olmalıdır. Yəni bütün resurslar yaradıla bilən resurslardır. Sizə bir örnək verim: pulun çətin qazanılacağını düşünən adam, pulu çətin qazanacaq. Yəni «mənim başqa bir yolum yoxdur» deməklə, siz kainatda olan milyonlarla seçimin üzərindən xətt çəkirsiniz. Artıq özünüz bunu seçdiniz. Ona görə də seçimləri artırmaq lazımdır. Bir seçim, seçimsizlikdir. Seçimin olması üçün ən azı 2 seçiminiz olması lazımdır. 3, 5, 6 və s. seçiminiz varsa, daha çox azadlığınız var deməkdir.

-Seçimin çox olması qərarsızlığa gətirməzmi?

Doğrudur, bəzən seçimin çoxluğu qərarsızlıq gətirə bilir. Çoxun içindən seçim etmək də çətin olur. Çoxluq başgicəllənmə də verir bəzən (gülür). Lakin insan uğura gedən yolda özünə seçimlərində limitsizliyi məqsəd qoymalıdır. İnsanlar bəzən məqsəd və dəyərlərini unudurlar. Məqsədlərinə nail olandan sonra yenə də özlərini xoşbəxt hiss etmirlər. Məsələn, dəyərlər ierarxiya sistemində düzülür. Yəni alt və üst təbəqələr şəklində. Burada siz sağlamlığa, sevgiyə, pula, uğura bərabər şəkildə dəyər verə bilməzsiniz. Bunlar sizin beyninizdə paralel düzülə bilməz. Ierarxiya şəklində düzülür: hansısa ağır gəlir, hansısa yüngül. Yəni hansısa üst təbəqədə, hansısa alt təbəqədə olur. Məsələn, zənginlik sizdə öndə gəlib, sağlamlıq 4-cü yerdə gəlirsə, siz artıq pula görə sağlamlığınızı bada verəcəksiniz. Bu normaldır.  Başqa bir örnək verək: Bir bəy sevgiyə daha çox önəm verir, lakin sevgi onda ierarxiya düzülüşü ilə ikinci və ya üçüncü yerdədir. Birinci yerdə isə uğur dayanır. Adam xanımını çox sevir, lakin uğur onun üçün daha öndə – birinci yerdə gəlir. Yəni əgər onlar uzun müddətdir planlaşdırıb görüş üçün müəyyən vaxt və yer təyin etmişdilərsə, lakin həmin vaxt bəyin gözlənilmədən hansısa şirkətlə iş görüşməsi çıxırsa, adam həmin vatda iş görüşməsinə gedəcək. Bu o demək deyil ki, o, xanımına az dəyər verir. Bu o deməkdir ki, onun beynindəki iararxiya düzülüşündə uğur birinci yerdədir, sevgidən öndədir. Yəni bu kimi durumlarda insanlar nəyin niyə, nə səbəbdən baş verdiyinin fərqində olmurlar. Bu nəzər nöqtəsindən baxanda, insanlar bir çox şeylərin fərqində olmadan yaşayırlar. Yaşadıqları həyatı seçirlər, sonra «mən bu həyatı seçmədim» deyirlər.

Uğuru, uğursuzluğu yaradan amillər nələrdir?

Uğuru, uğursuzluğu yaradan amillər inanclarımızdır. Hədəfinizi əldə edə biləcəyinizə inam olmalıdır. Hədəfinizi düşünün, beyninizdə canlandırın. Sizə həyəcan verirsə bu yaxşıdır. Demək ki, işin içində motivasiya da var. Yox, əgər bu sizə həyəcan vermirsə və ya daxili inamsızlığınız varsa, hədəfiniz sizdən çox uzaqda olacaq. Misal üçün, hədəfinizi düşünün və onu 0-10 bal sistemi arasında qiymətləndirin. Əgər hədəfinizə çata biləcəyinizi 10 bal sistemindən az qiymətləndirirsinizsə, deməli,  bu zaman siz hədəfinizə çatmaqda sizə mane olan səbəbləri aradan qaldırmalısınız. Hər sahədə uğur qazanmaq, uğurlu insan olmaq olar. Futboldan tutmuş təhsilə qədər. Sadəcə bunları ümumiləşdirəndə 4 əsas prinsipə gəlib çıxırıq ki, birinci, nə istədiyini bilməlisən. İkinci, ayıq olmalısan və

hədəfinə nə qədər yaxın, nə qədər uzaq olduğunu müəyyənləşdirməlisən. 3-cü, hərəkətə keçməlisən. Hərəkətə keçməsən uğur əldə edə bilməzsən. 4-cüsü isə elastiklikdir. Yəni bir yol alınmırsa, digər bir yol – alternativlər düşünməlisən. Hədəf yox, hədəfə gedən yollar dəyişdirilir. Buna davranış elastikliyi deyilir. Yəni bir yolla alınmırsa, başqa bir yolla yoxla. Bu 4 prinsip bütün uğur qazanmış insanların hər birində var. Qısacası, öz üzərinizdə mütəmadi işləyin, məqsədə doğru irəliləyin və siz mütləq uğur və müvəffəqiyyət qazanacaqsınız.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin